Britaniya, Almaniya və Fransa liderləri - İran hakimiyyətini zorakılıqdan çəkinməyə və İran vətəndaşlarının fundamental hüquqlarını qorumağa çağırırıq
Britaniya, Almaniya və Fransa liderləri birgə bəyanatda İranda davam edən hadisələrlə bağlı narahatlıqlarını ifadə ediblər.
“Biz, İranın təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi zorakılıqla bağlı məlumatlardan narahatıq və nümayişçilərin qətlə yetirilməsini qətiyyətlə pisləyirik”, – deyə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts bildirirlər.
Böyük Britaniya, Almaniya və Fransa liderlərinin bildirdiyinə görə, “İran hakimiyyəti öz əhalisini qorumaq, qisas qorxusu olmadan ifadə azadlığına və dinc toplaşmalara icazə vermək öhdəliyinə malikdir”.
“Biz İran hakimiyyətini təmkinli olmağa, zorakılıqdan çəkinməyə və İran vətəndaşlarının fundamental hüquqlarını qorumağa çağırırıq”, – bəyanatda qeyd edilib.