Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardımı daha da artıracaq
Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardımın səviyyəsini saxlayacaq və daha da artıracaq-bu barədə Britaniyanın baş naziri Liz Trass ABŞ prezidenti Co Baydenlə görüşdən sonra bildirib.
Britaniya mediasının məlumatına görə, baş nazir kimi ilk səfərində Liz Trass BMT Baş Assambleyasında Ukraynanın əks-hücumunun uğurunu Ukrayna xalqının digər demokratik dövlətlərin dəstəyi ilə nə edə biləcəyinin sübutu kimi göstərməsi gözlənilir.
“Ukrayna xalqına mesajım: Böyük Britaniya sizi hər addımda dəstəkləməyə davam edəcək. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir” – deyə Liz Trass bildirib.
Jurnalistlər Britaniyanın baş nazirinə ABŞ prezidenti ilə görüşdən nə gözlədiyi ilə əlaqədar sual ünvanlayıblar, bu suala Liz Trass belə cavab verib: “Bir nömrəli məsələ qlobal təhlükəsizlikdir: Rusiyanın təcavüzünə qarşı birgə mübarizə apara biləcəyimizə və Putinin yox, Ukraynanın qalib gələcəyinə əmin olmalıyıq”.
Britaniya 2022-ci ildə Kiyevə 2,3 milyard funt sterlinq dəyərində yüzlərlə raket, hava hücumundan müdafiə sistemi və qeyri-öldürücü hərbi təchizat tədarük etməklə Ukraynanın ikinci hərbi donorudur.