Böyük Yeddilik Ukraynanın kritik enerji və su infrastrukturunu qorumaq üçün koordinasiya mexanizmi yaratmağa razılaşıb
Böyük Yeddilik Ukraynanın kritik enerji və su infrastrukturunu qorumaq üçün koordinasiya mexanizmi yaratmağa razılaşıb. Bu barədə G7-nin xarici işlər nazirlərinin görüşündən sonra yayılan bəyanatda deyilir.
G7-nin bəyanatında dekabrın 13-də Fransa və Ukraynanın Parisdə Ukraynanın mülki sabitliyini dəstəkləmək məqsədi daşıyan beynəlxalq konfrans təşkil edəcəkləri deyilir.
“Biz nə qədər vaxt lazım gələrsə, o qədər qətiyyətlə Ukraynanın yanında olacağıq”-bu barədə G7-nin bəyanatında deyilir.
G7 yenidən Rusiyanı Ukraynaya qarşı təcavüzkar müharibəni dayandırmağa və qüvvələrini geri çəkməyə çağırır. Nazirlər Rusiyanın mülki əhaliyə və infrastruktura hücumlarının müharibə cinayətləri olduğunu bildirirlər. “Böyük yeddilik” günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməyə hazırdır.
“Böyük Yeddilik” Rusiyanın məsuliyyətsiz nüvə ritorikasını qəbuledilməz adlandırır.
“Rusiya tərəfindən kimyəvi, bioloji və ya nüvə silahlarından istənilən istifadənin ciddi nəticələri olacaq. Biz Rusiyanın Ukraynanın radioloji “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığına dair saxta ittihamlarını da rədd edirik. Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri bu ittihamların əsassız olduğunu təsdiqləyiblər və biz Ukraynanın şəffaflığını alqışlayırıq” -deyə bəyanatda deyilir.
G7 Rusiyaya, eləcə də Moskvaya hərbi dəstək verən digər ölkələrə, fiziki və hüquqi şəxslərə iqtisadi bədəl ödətməyə davam edəcəyini açıqlayır. Nazirlər Belarusun Rusiyanın müharibəsində birbaşa iştirak edəcəyi təqdirdə, G7-nin Belarus rejiminin üzərinə böyük əlavə xərclər qoyacağını açıqlayırlar.
Bununla belə, bəyanatda deyilir ki, Rusiyanın danışıqlara dair çağırışları etimada layiq deyil, çünki o , müharibəni gücləndirmək, yeni təhdidlər və dezinformasiyalar yaymaqda davam edir.
G7 Rusiyanın müharibəsinin qlobal iqtisadi sabitliyə, ərzaq və enerji təhlükəsizliyinə təsirlərini yumşaltmaq üçün koordinasiyanı davam etdirəcək. G7 həmçinin BMT Baş katibinin Taxıl Sazişinin uzadılması ilə bağlı çağırışını dəstəkləyir. Eyni zamanda, neft hasil edən ölkələri hasilatı artırmağa çağırır.G7 yaxın həftələrdə Rusiya neftinə qiymət tavanı tətbiq etməyi başa çatdıracaq.