Böyük Britaniyanın müdafiə naziri – İranın ölkəmizə və ya müttəfiqlərimizə qarşı həyata keçirməyə qərar verəcəyi istənilən hücuma cavab verməyə hazırıq

17:14, 26.07.2026

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, London İran tərəfindən səsləndirilən təhdidlərdən qorxmayacaq və ölkəsinə və ya müttəfiqlərinə qarşı hər hansı hücum baş verəcəyi təqdirdə buna lazımi cavab verəcək.

“BBC”yə verdiyi müsahibədə Stritinq İran rəsmilərinin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlara dəstək verdiyinə görə Böyük Britaniyanı “qanuni hədəf” adlandırmasına münasibət bildirib. Onun sözlərinə görə, Birləşmiş Krallıq istənilən təhdidin qarşısını almağa hazırdır.

“İranın ölkəmizə və ya müttəfiqlərimizə qarşı həyata keçirmək qərarına gəldiyi hər hansı bir hücuma cavab verməyə hazırıq və gələcəkdə də bunu davam etdirəcəyik”, – Stritinq bildirib.

“İranın Britaniyaya hücum edə bilib-bilməyəcəyi” barədə suala cavab verən nazir qeyd edib ki, bu cür təhdidlərə “həddindən artıq əhəmiyyət verilməməlidir”.

Stritinq Londonun mövqeyini bir daha izah edərək qeyd etdi ki, Britaniya ABŞ-a yalnız Amerika personalı və aviasiyasının yerləşdiyi hərbi bazalarda müdafiə xarakterli əməliyyatlar keçirmək icazəsi verib, lakin İrana qarşı hücum hərbi əməliyyatlarında iştirak etməyəcək.

“Biz İranda ABŞ-ın hücum hərbi əməliyyatlarına qoşulmamışıq və qoşulmayacağıq. Bu məsələ üzrə Vaşinqtondan fərqli mövqeyimiz var. Lakin söhbət Hörmüz boğazında gəmiçiliyin və kommersiya daşımalarının azadlığının təmin edilməsindən getdikdə, mövqelərimiz tamamilə üst-üstə düşür”, – Stritinq bildirib.

Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etmək üçün gələn həftə ABŞ-ın müharibə katibi Pit Heqsetlə görüşəcək.

Oxşar