Böyük Britaniyada, Dover limanı yaxınlığında miqrasiya əleyhinə aksiya keçirilir, onlarla maskalı nümayişçi limana gedən yolu bağlayır
Böyük Britaniyada, Dover limanı yaxınlığında miqrasiya əleyhinə aksiya keçirilir, bu da nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub.
“BBC”nin məlumatına görə, onlarla maskalı nümayişçi limana gedən yolu bağlayır.
Aksiya iştirakçıları “Stop the Boats” (“Qayıqları dayandırın”) kampaniyası çərçivəsində toplaşıblar. Onların etirazı Böyük Britaniyadakı qeyri-qanuni miqrasiyaya və ölkəyə Lamanş boğazı vasitəsilə kiçik qayıqlarla gələnlərə qarşı yönəlib.
Medianın məlumatına görə, Böyük Britaniya hökuməti Dover limanında keçirilən etiraz aksiyasını qınayır.
“Dinc etiraz hüququ demokratiyamız üçün əsasdır, lakin biz Doverdəki davranışı və onun törətdiyi ləngiməni pisləyirik”, – Böyük Britaniya hökumətinin sözçüsünün bəyanatında deyilib.
“BBC”nin məlumatına görə, Dover limanı Birləşmiş Krallığın ən böyük beynəlxalq bərə limanıdır və hər gün çox sayda sərnişin və yük avtomobilinə xidmət göstərir. Müvafiq olaraq, limana gedən yolların bloklanması hərəkətə əhəmiyyətli dərəcədə təsir göstərib.