Böyük Britaniya Ukraynaya 54 milyon funt-sterlinqlik hərbi yardım paketi ayırıb
Böyük Britaniya Ukraynaya 54 milyon funt-sterlinqlik hərbi yardım paketi ayırıb.
Məlumatı Böyük Britaniya Baş nazirinin ofisi yayır.
Bəyanatda, Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə səfər edən hazırkı baş nazir Boris Consonun Britaniyadan 54 milyon funt-sterlinqlik yeni hərbi yardım paketinin ayrılması barədə Volodimir Zelenskiyə məlumat verdiyi deyilir.
Qeyd edildiyi üzrə, hərbi yardım pilotsuz müşahidə sistemləri və tank əleyhinə hərbi sursatları əhatə edir. Paketə şəhər və kəndlərdə istifadə üçün xüsusi olaraq hazırlanmış 850 ədəd Black Hornet tipli mikrodron daxildir və onların məqsədlərindən biri də yaxınlaşan düşmən qüvvələrini aşkar etməkdir.
“Hərbi personala 20 dəqiqədən az müddətdə mobil telefonda kiçik dronları idarə etməyi öyrətmək mümkündür. Hər bir dron quru qoşunlarının şəhər ərazilərini təhlükəsiz şəkildə qoruya bilməsi üçün real vaxt rejimində şəkillər və video ötürmək qabiliyyətinə malikdir “- deyə administrasiyanın açıqlamasında deyilir.
Bundan başqa, bəyanata əsasən, Böyük Britaniya Ukraynaya rusların suda və sahil zolağında qoyduğu minaları aşkarlamağa kömək edəcək minaaxtaran avadanlıqlar verməyə hazırlaşır. Onlardan istifadə etmək üçün ukraynalı əsgərlər Britaniyada müvafiq təlim keçəcəklər.