Boris Pistorius bildirir ki, hazırkı mərhələdə Ukraynaya “Taurus” tipli qanadlı raketlərin tədarük edilməsini zəruri hesab etmir
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, hazırkı mərhələdə Ukraynaya “Taurus” tipli qanadlı raketlərin tədarük edilməsini zəruri hesab etmir. Onun sözlərinə görə, Ukrayna qüvvələri əsasən pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək Rusiyanın hərbi və enerji infrastrukturuna, o cümlədən neft emalı zavodlarına və logistika obyektlərinə səmərəli şəkildə zərbələr endirir.
Pistoriusun bildirdiyinə görə, məhz buna görə də Ukraynanın hazırda “Taurus” raketlərinə ehtiyacı olduğunu düşünmür.
“Vəziyyət heç vaxt indiki qədər əlverişli olmayıb. Cəbhə xəttində demək olar ki, heç bir hərəkətlilik baş vermir. Bəzən bir tərəf bir neçə kilometr irəli gedir, bəzən isə digər tərəf, lakin bu, həmişə Rusiya silahlı qüvvələri üçün böyük itkilər hesabına başa gəlir. Ən əsası isə odur ki, Ukrayna Rusiya ərazisində yerləşən hədəfləri, o cümlədən neft emalı zavodlarını və hərbi logistika infrastrukturunu getdikcə daha tez-tez məhv etməyə müvəffəq olur”, – deyə Almaniyanın müdafiə naziri bildirib.