Bolqarıstanın müdafiə naziri – Bolqarıstan Ukraynaya əlavə silah tədarük etməyi planlaşdırmır, bu müharibə hərbi yolla başa çatmayacaq, ədalətli sülhün tapılmasının vaxtı gəlib

22:31, 09.06.2026

Bolqarıstan tərəfindən Ukrayna ordusuna əlavə silah tədarükü planlaşdırılmır, – “Reuters”in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Dimitar Stoyanov bildirib.

Stoyanovun dediyinə görə, Bolqarıstanın yeni hökumətinin planlarına Ukrayna ordusuna yeni hərbi yardımın göstərilməsi artıq daxil deyil.

Bolqarıstan müdafiə nazirinin qeyd etdiyi kimi, Ukraynada davam edən müharibə döyüş meydanında həll edilə bilməz və tərəflər danışıqlar masasına keçməlidirlər.

“Dəfələrlə bildirdik ki, Ukraynadakı müharibə hərbi yolla bitə bilməz. Hər iki tərəfin müəyyən edəcəyi ədalətli sülhün tapılmasının vaxtı gəldi”, – Stoyanov bildirib.

Məlumat üçün bildirək ki, cari ilin mart ayında Ukrayna və Bolqarıstan 10 illik ikitərəfli təhlükəsizlik əməkdaşlığı haqqında saziş imzalayıblar. Saziş birgə müdafiə istehsalını, kəşfiyyat məlumatlarının mübadiləsini və Ukraynaya ildə 10 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutan enerji dəhlizinin yaradılmasını hədəfləyir.

Oxşar