BMT Təhlükəsizlik Şurasının hazırkı və gələcək üzvləri Rusiyanı qoşunlarını Gürcüstan ərazisindən dərhal çıxarmağa və iki regionun müstəqilliyini tanımasını geri götürməyə çağırır
BMT Təhlükəsizlik Şurası qapalı iclasda Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə əlaqədar Rusiyanın işğal etdiyi Gürcüstan ərazilərindəki vəziyyəti və Rusiya-Gürcüstan münaqişəsi məsələsini müzakirə edib. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, iclas zamanı BMT Baş katibinin Yaxın Şərq, Avropa, Amerika, Asiya və Okeaniya məsələləri üzrə köməkçisi Məhəmməd Xalid Xiyari məruzə ilə çıxış edib və Təhlükəsizlik Şurasının üzvlərinə bölgədəki vəziyyət və Cenevrə beynəlxalq danışıqları prosesi barədə yenilənmiş məlumat verib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, iclasdan sonra Təhlükəsizlik Şurasının üzvü olan Böyük Britaniya, Fransa, Latviya, Danimarka və Yunanıstan, eləcə də Şuranın gələcək üzvləri Avstriya və Portuqaliyanın nümayəndələri media qarşısında birgə bəyanatla çıxış ediblər.
Bəyanatda qeyd olunub ki, Rusiyanın Gürcüstan ərazilərinə — Abxaziya və Sxinvali regionlarına — genişmiqyaslı hərbi müdaxiləsindən və sonrakı qanunsuz işğalından 18 il ötür. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana müdaxiləsinin Moskvanın qonşularına qarşı daha aqressiv siyasətinin başlanğıcını nümayiş etdirdiyi bildirilib. Qeyd olunub ki, Rusiya bu siyasəti Ukraynaya qarşı “əsassız və təxribat edilməmiş təcavüzü” və qonşu ölkələrə qarşı məsuliyyətsiz və təhlükəli addımları ilə davam etdirir.
Ölkələr Gürcüstanın müstəqilliyinə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə qəti dəstəklərini ifadə ediblər. Rusiyanın Gürcüstanda BMT Nizamnaməsini pozaraq həyata keçirdiyi hərbi müdaxilə və davam edən qanunsuz hərbi mövcudluğu, həmçinin iki regionun ilhaqına yönəlmiş addımlar pislənib.
Bəyanatda Rusiyanın Sxinvali işğal rejimi ilə 2026-cı il mayın 9-da imzaladığı qondarma “müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi” haqqında saziş də iki regionun ilhaqına yönəlmiş addımlardan biri kimi qiymətləndirilib.
Ölkələr Nauru Respublikasının “Abxaziya Respublikası” və “Cənubi Osetiya Respublikası”nın müstəqil dövlət kimi tanınmasını geri götürməsi və onlarla diplomatik münasibətləri kəsməsi qərarını alqışlayıblar. Həmçinin Gürcüstanın işğal olunmuş regionlarının qondarma müstəqilliyini tanıyan dövlətləri Naurunun nümunəsini izləməyə və Gürcüstanın suverenliyi ilə ərazi bütövlüyünə hörmət etməyə çağırıblar.
Bəyanat müəllifləri Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərində davam edən təxribatlarını, militarizasiyanı, qanunsuz hava, dəniz və dəmir yolu əlaqələrinin yaradılmasını, eləcə də bölgədə təhlükəsizlik və insan hüquqlarının pozulmasını pisləyiblər.
Onlar beynəlxalq məhkəmələrin qərarlarını da xatırladıblar. Bu qərarların Rusiyanın ərazidə effektiv nəzarəti həyata keçirən tərəf kimi ağır insan hüquqları pozuntularına, o cümlədən dinc sakinlərin öldürülməsi, işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar hallarına görə məsuliyyətini dəfələrlə təsdiqlədiyi vurğulanıb.
Sənəddə Rusiyanın Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il avqustun 12-də əldə olunmuş atəşkəs sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən dərin narahatlıq ifadə olunub. Rusiya qüvvələrinin hərbi əməliyyatların başlanmasından əvvəlki mövqelərə qaytarılması və insan hüquqlarının beynəlxalq monitorinq mexanizmlərinin, o cümlədən BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının əraziyə maneəsiz girişinin təmin edilməsi tələb olunub.
Birgə bəyanatda məcburi köçkünlərin və qaçqınların hüquqlarının qorunmasının, onların təhlükəsiz, ləyaqətli və maneəsiz şəkildə geri qayıtması üçün şərait yaradılmasının vacibliyi də vurğulanıb.
Ölkələr Cenevrə beynəlxalq danışıqlarına sadiq olduqlarını bildirərək, Ergnetidə insidentlərin qarşısının alınması və onlara reaksiya mexanizmi çərçivəsində görüşlərin davam etdirilməsini dəstəkləyiblər. Eyni zamanda, Qalidəki görüşlərin dərhal bərpa edilməsinə çağırıblar.
Bəyanat iştirakçıları bir daha Rusiyanı 2008-ci il atəşkəs sazişi üzrə öhdəliklərini tam yerinə yetirməyə və qoşunlarını Gürcüstan ərazisindən dərhal çıxarmağa çağırıblar. Həmçinin Rusiyadan Gürcüstanın iki regionunun müstəqilliyini tanımasını geri götürməsi, bölgədə beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılmasına mane olmaması və hər iki regiona beynəlxalq insan hüquqları və humanitar təşkilatların girişinə icazə verməsi tələb olunub.
Sonda ölkələr Rusiya-Gürcüstan münaqişəsinin beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayıblar.