"Bloomberg" - Rusiya Qərb sanksiyalarından yan keçərək neft ixrac edir
"Bloomberg" - Rusiya Qərb sanksiyalarından yan keçərək neft ixrac edir

 

Nüfuzlu “Bloomberg” nəşri tərəfindən verilən məlumatda, Rusiyanın Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçərək neft ixrac etmək üçün çıxış yolu tapdığı deyilir.

Nəşrin yazdığı üzrə, Rusiya neft daşımaq üçün Misirin Aralıq dənizi sahilindəki El-Hamra terminalından istifadə edir.

“Bloomberg”in məlumatında, təkcə iyulun 24-də “Crested” tankeri ilə bu terminala 700 min barel rus nefti aparıldığı deyilir. Sonra sözügedən neftin heç olmasa bir hissəsi başqa gəmiyə nəql edilib.

Nəşrin məlumatına görə, El Hamra terminalı rus neftini yerli neftlə qarışdırmağa imkan verir. Agentlik yazır ki, avropalı alıcılar Rusiya neftindən yayınmağa çalışdıqları üçün rus neftinin daşınması günü-gündən daha çox gizli xarakter alır.

Bununla yanaşı, iyun ayında Amerikanın “Wall Street Journal” qəzeti neft treyderlərinin rus qara qızılını ABŞ-a gətirmək üçün yollar tapdığı barədə yazmışdı. Məsələn, onlar yanacaqda rus neftindən istifadə olunduğunu gizlədirlər. “Wall Street Journal”ın məlumatında, Rusiyada hasil edilən neftin may ayında Nyu-York və Nyu-Cersi ştatlarına çatdığı deyilir. Neft, Hindistandakı neft emalı zavodlarından Süveyş kanalı vasitəsilə ABŞ-a aparılıb.

Mətbuatın yazdığına üzrə, Rusiyada hasil edilən neft Aralıq və Qara dənizlərdə, eləcə də Qərbi Afrika sahillərində bir gəmidən digər gəmiyə nəql edilir, sonra isə təkcə Çin və Hindistana deyil, həm də Avropaya aparılır.