"Bloomberg" - İtaliya enerji resurslarının qiymətinin artması fonunda nüvə enerjisinə qayıtmağı müzakirə edir
"Bloomberg" - İtaliya enerji resurslarının qiymətinin artması fonunda nüvə enerjisinə qayıtmağı müzakirə edir

Enerji resurslarının qiymətinin artması və Yaxın Şərqdə davam edən böhran fonunda İtaliya təxminən 40 ildən sonra nüvə enerjisinə qayıtmaq imkanını nəzərdən keçirir. Bu barədə “Bloomberg” yazır.

“Bloomberg”in məlumatına görə, ölkənin Baş naziri Corcia Meloni nüvə enerjisini iqtisadiyyatı xilas etməyin yollarından biri kimi görür və hökumət artıq nüvə enerjisi istehsalını bərpa etmək üçün plan hazırlayır.

Mənbələrin dediyinə görə, paralel olaraq hökumət üzvləri mütəxəssislərlə məsləhətləşmələr aparır və nüvə enerjisi istehsalını bərpa etməyin yollarını müzakirə edirlər.

Nəşrin məlumatına görə, İtaliyanın yüksək vəzifəli rəsmi şəxsləri də texnoloji inkişafları öyrənmək üçün Kanadada olublar və Fransa nümayəndələri ilə nüvə sənayesi haqqında danışıblar. Bununla yanaşı, onlar Cənubi Koreya və ABŞ kimi ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə edirlər.

“Bloomberg”in yazdığı kimi, bunun səbəbi Avropa ölkələri arasında İtaliyada enerji tariflərinin ən yüksək olmasıdır ki, bu da şirkətlərin də zərər görməsinə səbəb olur. İtaliya həmçinin təbii qazın idxalından asılıdır və bu, onu beynəlxalq qiymət dəyişikliklərinə qarşı daha həssas edir.

Lakin, nəşrin yazdığı kimi, əhalinin əhval-ruhiyyəsi hökumətin bu qərarına maneə ola bilər. İtaliyada nüvə enerjisinin qadağan edilib-edilməməsi ilə bağlı iki referendum keçirilib və əhalinin əksəriyyəti bununla razılaşıb.