“Bloomberg” – Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində 20-dən çox rus bankının SWIFT bank sistemindən çıxarılması imkanını nəzərdən keçirir
“Bloomberg” – Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində 20-dən çox rus bankının SWIFT bank sistemindən çıxarılması imkanını nəzərdən keçirir

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində 20-dən çox rus bankının SWIFT bank sistemindən çıxarılması imkanını nəzərdən keçirir. Bu barədə Ukrayna mediası “Bloomberg”ə istinadən məlumat yayır.

Medianın məlumatına görə, Avropa İttifaqı həmçinin Rusiya neftinə tətbiq olunan qiymət tavanının azaldılmasını və “Şimal axını” qaz kəmərlərinə qadağa qoyulmasını da nəzərdən keçirir. Yayılmış məlumata əsasən, Avropa Komissiyası bu planlarla bağlı Avropa İttifaqına üzv dövlətlərlə məsləhətləşmələr aparır.

“Bloomberg”in yazdığına görə, Avropa İttifaqı təxminən iyirmiyə yaxın rus bankı üçün əlavə maliyyə tranzaksiyalarının qadağan edilməsini və təxminən 2.5 milyard avro dəyərində yeni ticarət məhdudiyyətlərini nəzərdən keçirir. Bu addımlar Rusiyanın gəlirlərini daha da azaltmaq və onun silah istehsalı üçün vacib olan texnologiyalardan istifadə imkanını  məhdudlaşdırmaq məqsədi daşıyır.

Müzakirə olunan sanksiyalar paketi çərçivəsində Avropa Komissiyası həmçinin “Böyük Yeddilik” ölkələrinə Rusiya neftinə tətbiq olunan qiymət limitinin təxminən 45 dollara endirilməsini təklif etməyi planlaşdırır. Hazırda bu limit 60 dollardır və əgər qiymət bu həddi aşarsa, “Böyük Yeddilik” ölkələrinin xidmət təminatçılarına neftin daşınması və satışı ilə bağlı xidmət göstərmək qadağan edilir.