"Bloomberg" - ABŞ ilə danışıqlar zamanı Hindistan Rusiya neftinin alışını məhdudlaşdırmaq müqabilində İran neftinə çıxış tələb edib
ABŞ ilə danışıqlar zamanı Hindistan hökumətinin nümayəndələri Rusiya neftinin alışını məhdudlaşdırmaq müqabilində İran neftinə çıxış tələb ediblər. Bu barədə “Bloomberg” məlumat yayır.
Yayılan məlumata görə, hindistanlı rəsmi şəxslər Tramp administrasiyasına bir daha bildiriblər ki, neft emalı zavodlarının Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaltması üçün Vaşinqton Cənubi Asiya ölkəsinə sanksiyaya məruz qalmış tədarükçülərdən – İran və Venesueladan – neft almağa icazə verməlidir.
Anonim mənbənin məlumatına görə, bu həftə ABŞ-da səfərdə olan Hindistan nümayəndə heyəti həmin tələbi ABŞ-ın rəsmi şəxsləri ilə görüşlər zamanı da təkrar edib. Hindistan rəsmi şəxslərinin sözlərinə görə, Rusiya, İran və Venesueladan Hindistanın neft emalı zavodlarına neft tədarükünün eyni vaxtda dayandırılması qlobal qiymətlərin kəskin şəkildə artmasına səbəb ola bilər.