“Bloomberg”- Ərdoğan “Böyük iyirmilik” sammitində tərəflərin hazırkı mövqelərində hərbi əməliyyatların dondurulmasını ehtiva edən Rusiya-Ukrayna müharibəsinin “sülh planı”nı təqdim etmək niyyətindədir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmilik” sammitində Rusiya-Ukrayna müharibəsi ilə bağlı “sülh planı”nı təqdim etmək niyyətindədir
Bu barədə Bloomberg-ə anonim mənbələr bildirib. Agentliyin məlumatına əsasən, Ərdoğanın təklifi tərəflərin hazırkı mövqelərində hərbi əməliyyatların dondurulmasını nəzərdə tutur.
Medianın məlumatına əsasən, Türkiyə prezidenti həmçinin, Ukraynanın NATO-ya üzv olması məsələsinə baxılmasını ən azı 10 il təxirə salmağı təklif edir.
Türkiyənin təklifi həmçinin Rusiyanın 2014-cü ildən mühüm ərazilərə nəzarət etdiyi Donbasın şərqində demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutur.
“Ərdoğanın təklifi əlavə təminat kimi bu əraziyə beynəlxalq qüvvələrin yerləşdirilməsini və NATO-ya üzv olmaqdan imtina etməyə görə kompensasiya kimi Ukraynaya silah tədarükünün təmin edilməsini nəzərdə tutur”, – Bloomberg qeyd edir.
“Bloomberg”ə görə, Türkiyənin rəsmi şəxsləri Ukraynanın belə bir təklifi qəbul etməsinin çətin olacağını etiraf edirlər, lakin bunun ən real yanaşma olduğuna inanırlar.
“Onlar işğal olunmuş ərazilərin uzunmüddətli taleyi ilə bağlı müzakirələri təxirə salmağa və ilk növbədə stabil atəşkəsin təmin edilməsinə yönəlməyə çalışırlar”, – nəşrdə deyilib.
Agentliyin mənbələri bildirirlər ki, “Ərdoğan Zelenskini İstanbulda sülh danışıqlarında iştirak etməyə razı salmağa ümid edir, çünki o, döyüşlər dayanmasa, Ukraynanın yaxın bir neçə ay ərzində daha çox ərazi itirə biləcəyini göstərən kəşfiyyat göstəricilərini görüb”.