Bidzina İvanişvili - 26 oktyabr seçkilərinə getməklə və “Gürcü Arzusu”nu dəstəkləməklə, heç kimin Gürcüstanı müharibəyə cəlb edə bilməyəcəyinə, müharibə cinayətkarlarının isə ciddi şəkildə cəzalandırılacağına zəmanət alırsınız
26 oktyabr seçkilərinə getməklə və “Gürcü Arzusu”nu dəstəkləməklə, heç kimin Gürcüstanı müharibəyə cəlb edə bilməyəcəyinə, müharibə cinayətkarlarının isə ciddi şəkildə cəzalandırılacağına zəmanət alırsınız – bu haqda “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili Rustavidə “Gürcü Arzusu”nun seçki kampaniyasının regional tədbirində çıxışı zamanı bildirib.
İvanişvilinin sözlərinə əsasən, “Milli Hərəkat”ın konstitusiyaya zidd elan edilməsi və ən sərt şəkildə mühakimə olunması məsələsi qaldırılmalıdır.
“Gürcü olan hər şeyə qarşı fəaliyyət göstərən kollektiv “Milli Hərəkat”ı nəinki hakimiyyətə yaxınlaşdırmamalı, həm də onların konstitusiyaya zidd elan edilməsi və ən sərt şəkildə mühakimə olunması məsələsi qaldırılmalıdır. Bu vətəni olmayan insanlar təkcə öz vətəndaşlarına verilən işgəncələrə, qətllərə, biznesin reketliyinə, ölkədə hökm sürən korrupsiyaya və illərlə içərisində yaşadığımız avtoritarizmə görə deyil, həm də ilk növbədə ən ağır cinayətə – Gürcüstanın onları heç vaxt bağışlamayacağı cinayətə görə məsuliyyət daşıyırlar. 2008-ci ildə baş verən ən dəhşətli faciəyə görə məhz “Milli Hərəkat” cavabdehdir. Xarici tapşırığı yerinə yetirmək üçün onlar bizə 400-dən çox insanın həyatına, 30 min insanın didərgin düşməsinə və itirilmiş ərazilərə başa gələn müharibəyə başladılar” – Bidzina İvanişvili bildirib.
Bidzina İvanişvilinin qeyd etdiyi kimi, “Gürcü Arzusu” ən çətin geosiyasi vəziyyətdə ölkəyə 12 illik fasiləsiz sülh gətirən yeganə siyasi qüvvədir.
“Heç kim ərazi bütövlüyünün bərpası zamanı həyata keçirilməsi zəruri olacaq konstitusiya dəyişikliklərinin qarşısında dayana bilməməlidir! 26 oktyabr seçkilərinə getməklə və “Gürcü Arzusu”nu dəstəkləməklə, heç kimin Gürcüstanı müharibəyə cəlb edə bilməyəcəyinə, müharibə cinayətkarlarının isə ciddi şəkildə cəzalandırılacağına zəmanət alırsınız. Bəli, bunun qarantı məhz “Gürcü Arzusu”dur, çünki biz ən çətin geosiyasi vəziyyətdə, regionda davam edən hərbi münaqişələr fonunda, inanılmaz səylər bahasına ölkəyə 12 illik fasiləsiz sülh gətirən yeganə siyasi qüvvəyik ! Bu baxımdan, bu gün də çoxlu risklər və çağırışlar olmasına baxmayaraq, sizə söz verirəm ki, şəxsən mən “Gürcü Arzusu”nun siyasi komandası ilə birlikdə nəyin bahasına olursa olsun Gürcüstanda müharibəyə, bomba yağışına imkan verməyəcəyik! Sülh həm də o nöqteyi-nəzərdən də vacibdir ki, ətrafımızda və ümumiyyətlə dünyada baş verən qlobal dəyişiklikləri nəzərə almaqla, düşünürük ki, uzun zamanın arzusunu reallaşdıracağımız və sülh yolu ilə birləşmiş Gürcüstanı görəcəyimiz zaman yaxınlaşır ! Biz buna hər an hazır olmalıyıq. Müvafiq olaraq, 26 oktyabrın parlament seçkilərində konstitusiya çoxluğunun əldə edilməsi bu baxımdan da prinsipial əhəmiyyət kəsb edir. Heç kim ərazi bütövlüyünün bərpası zamanı həyata keçirilməsi zəruri olacaq konstitusiya dəyişikliklərinin qarşısında dayana bilməməlidir!” – İvanişvili bildirib.