“Beynəlxalq Şəffaflıq Gürcüstan”, “Avropanı Seç” və onların rəhbərləri seçki məqsədi olan subyektlər elan edildilər və onlara qanunla nəzərdə tutulmuş məhdudiyyətlər şamil ediləcək
“Beynəlxalq Şəffaflıq Gürcüstan”, “Avropanı Seç”, onun direktoru və həmtəsisçiləri seçki məqsədi olan subyektlər elan edildilər və onlara “Vətəndaşların siyasi birlikləri haqqında” qanunla nəzərdə tutulmuş məhdudiyyətlər şamil ediləcək – bu haqda Anti-korrupsiya Bürosunun rəhbəri Rajden Kupraşvili brifinqdə bildirib.
Kupraşvilinin qeyd etdiyi kimi, Anti-korrupsiya Bürosunda seçkilər öncəsi konkret siyasi partiyalara dəstək məqsədilə həyata keçirilən fəaliyyətlərdə iştirak etdiyi və bunun üçün müxtəlif maddi və ya qeyri-maddi resurslardan istifadə etdiyi ehtimal olunan bütün subyektlərlə əlaqədar monitorinq aparılır.
“Anti-korrupsiya Bürosu tərəfindən həyata keçirilmiş monitorinq nəticəsində büro “Beynəlxalq Şəffaflıq Gürcüstan”, onun icraçı direktoru Eka Qiqauri, “Avropanı Seç”, onun direktoru Xatuna Laqazidze və həmtəsisçiləri: Sopiko Cğonia, Nikoloz Şurğaia, Qiorqi Ruxadze, Şalva Dzebisaşvili, Qiorqi Papelişvili, Lela Cecelava, Qiorqi Taktakişvili və İvane Cğonianın seçki məqsədi olan subyektlər elan edilməsi və onlara “Vətəndaşların siyasi birlikləri haqqında” Gürcüstanın üzvi qanununun 3-cü fəsli ilə nəzərdə tutulmuş məhdudiyyətlərin şamil edilməsi haqda qərar qəbul edib.
Monitorinq nəticəsində məlum olub ki, “Beynəlxalq Şəffaflıq Gürcüstan” və onun icraçı direktoru Eka Qiqauri həm birbaşa, həm də “Mənim səsim Avropa İttifaqına” kampaniyası çərçivəsində, məqsədi konkret siyasi partiyalara dəstək çağırışı, həmçinin konkret siyasi partiyanı dəstəkləməkdən çəkindirmək çağırışı olan seçkiöncəsi kampaniyada aktiv şəkildə iştirak edir. Bunun üçün müxtəlif maddi və qeyri-maddi resursların səfərbər olunması haqda bəyanatlar verilir. Əhali ilə görüşlər keçirilir, sosial şəbəkələrdə cəmiyyətdə konkret siyasi əhvali-ruhiyyənin formalaşmasına xidmət edən xüsusi qruplar yaradılır. Xüsusi yaradılmış veb səhifə, mobil tətbiq və həm yerli, həm də beynəlxalq media vasitələri aktiv şəkildə istifadə olunur.
Monitorinq nəticəsində həmçinin məlum olub ki, “Avropanı Seç”, onun direktoru Xatuna Laqazidze və idarə heyətinin üzvləri konkret siyasi partiyaları dəstəkləmək və ya dəstəkləməkdən çəkinmək məqsədinə xidmət edən seçkiöncəsi siyasi proseslərdə aktiv şəkildə iştirak edirlər. Bunun üçün həm insan, həm də maddi-texniki resurslardan, təqdimatlardan, bölgələrdə əhali ilə görüşlərdən, konsertlərdən, video çarxların hazırlanmasından və yayılmasından istifadə olunub, bu da 100 000 laridən artıq maliyyə xərcləri ilə bağlıdır. Sözügedən resurs əhali arasında konkret siyasi əhvali-ruhiyyənin yaranması və onlarda seçkiöncəsi rəy formalaşdırılması üçün istifadə olunur.
İstər “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna, istərsə də məhkəmə praktikasına əsasən, bəyan edilmiş siyasi məqsədin mövcudluğu təkcə konkret fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa onun hakimiyyətə gəlmək istəyinin qeyd edilməsi ilə deyil, həm də digər siyasi partiyaya qarşı siyasi kampaniyanın aparılması və bu yolla ictimai rəyin formalaşmasına təsir göstərməsi ilə təsdiqlənir.
Anti-korrupsiya Bürosunun qərarına əsasən, “Beynəlxalq Şəffaflıq Gürcüstan”, onun icraçı direktoru Eka Qiqauri, “Avropanı Seç”, onun direktoru Xatuna Laqazidze və həmtəsisçiləri beş gün müddətində, qanunla müəyyən edilmiş qaydada, büroya qərarla müəyyən edilmiş hesabat dövrü üçün müvafiq maliyyə hesabatlarını təqdim etməyə borcludurlar. Həmçinin, onların seçki məqsədləri ilə bağlı gəlir və xərclər üçün istifadə olunan bank hesablarının rekvizitlərini açmalı və məlumat təqdim etməlidirlər. Anti-korrupsiya Bürosunda seçkilər öncəsi konkret siyasi partiyalara dəstək məqsədilə həyata keçirilən fəaliyyətlərdə iştirak etdiyi və bunun üçün müxtəlif maddi və ya qeyri-maddi resurslardan istifadə etdiyi ehtimal olunan bütün subyektlərlə əlaqədar monitorinq aparılır. Monitorinqin nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcək” – Rajden Kupraşvili bildirib.