Berlin meri – Bir çox insan bu şəhərin rəngarəngliyini, dünyaya açıqlığını və bəli, sevgisini də qeyd edirdi, Berlin, azadlıq şəhəri olaraq daha da güclənməyə davam edir
Gün dinc, sevinc və sevgi dolu nümayişlə başladı, lakin hücumla başa çatdı, – bu barədə Berlin meri Kay Veqner prayd tədbirində baş vermiş hücumdan sonra bildirib. Veqner bir nəfərin həlak olduğunu təsdiqləyib. Onun sözlərinə görə, xəsarət alanların sayının daha da artacağı ehtimal olunur.
“Bir çox insan bu şəhərin rəngarəngliyini, dünyaya açıqlığını, azadlığını və bəli, sevgisini də qeyd edirdi. Bu gün dəhşətli bir hadisə ilə başa çatdı. Bir nəfərin həlak olduğu artıq təsdiqlənib. Çox sayda yaralımızın olacağı da məlumdur. Berlin polisinə və xilasetmə xidmətlərinə operativ reaksiyalarına görə təşəkkür edirəm. Yalnız onu deyə bilərəm ki, Berlin azadlıq və rəngarənglilik şəhəri olaraq daha da güclənməyə və mövqeyini qorumağa davam edəcək”, – Berlinin meri mediaya söhbətində bildirib.
Bununla yanaşı, Berlin polisinin mətbuat katibinin bildirdiyinə görə, axtarış tədbirləri davam edir və şübhəli şəxs hələlik saxlanılmayıb.
Məlumat üçün bildirək ki, Berlində, Avropanın ən böyük prayd tədbirlərindən birində avtomobilin kütləyə çırpılması nəticəsində bir nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb. Hadisə şəhərin mərkəzi hissəsində, Tirqarten parkının yaxınlığında baş verib. Berlin polisi 21 yaşlı şübhəlini axtarır, onun şəxsiyyəti də məlumdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları sakinlərə onun silahlı ola biləcəyi barədə xəbərdarlıq edirlər.