Benyamin Netanyahu Qəzzanın gələcəyi ilə bağlı Donald Trampa məxsus olan “Sülh Şurası” planını rədd edib

16:35, 09.08.2026

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzanın gələcəyi ilə bağlı Donald Trampa məxsus olan “Sülh Şurası” planını rədd edib. Netanyahunun sözlərinə görə, İsrail Tramp tərəfindən hazırlanmış 15 bəndlik planı icra etməkdən imtina edir və “HƏMAS” qruplaşması tamamilə tərksilah olunmayana qədər İsrail hərbçiləri Fələstin ərazisindən çıxmayacaq.

O, həmçinin bildirib ki, nə qədər ki o, Baş nazirdir, Qəzzada və ya İordan çayının qərb sahilində Fələstin dövləti qurulmayacaq.

Qeyd etmək lazımdır ki, ABŞ Prezidenti ötən ay İsrail və “HƏMAS”ın keçən il üzərində razılığa gəldiyi müharibənin başa çatması planında irəliləyiş olduğunu bəyan etmişdi.

Medianın məlumatına görə, sülh sazişinə baxmayaraq, İsrail Qəzza sektoruna zərbələr endirməyə davam edir.

Məlumat üçün bildirək ki, Donald Trampın planı Qəzzadakı müharibəyə son qoymağı və atəşkəsi təmin etməyi nəzərdə tutur. Plana əsasən, HƏMAS tərksilah edilməli və Qəzza zolağının idarə olunmasında artıq iştirak etməməlidir. Bununla yanaşı, bütün girovlar azad edilməli, bunun müqabilində isə İsrail fələstinli məhbusları sərbəst buraxmalıdır. “Sülh Şurası” planına əsasən, İsrail ordusu tədricən Qəzzadan çıxmalıdır. Onun son məqsədi Qəzzanın demilitarizasiyası, yenidən qurulması və iqtisadi bərpasıdır.

Oxşar