"BBC" - İsrailin Livana hücumu nəticəsində ən azı 13 nəfər həlak olub
"BBC" - İsrailin Livana hücumu nəticəsində ən azı 13 nəfər həlak olub

İsrailin Livana hücumu nəticəsində ən azı 13 nəfər həlak olub. Bu barədə “BBC” Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayır.

Livanın Səhiyyə Nazirliyinin bəyanatına görə, İsrail ilə Livan arasında atəşkəsin uzadılmasına baxmayaraq, İsrail Livana zərbələri davam etdirir.

Bəyanatda qeyd olunur ki, İsrailin hücumu nəticəsində Nabatiyə bölgəsinin Habuş şəhərində səkkiz nəfər həlak olub, onların arasında iki qadın və bir uşaq da var.

“BBC”nin yazdığına görə, İsrail Müdafiə Qüvvələri hücumdan əvvəl bölgədə təxliyə əmri verib.

Bununla yanaşı, Sidon bölgəsinin Zrariye kəndində ikisi qadın olmaqla dörd nəfər, Tir bölgəsinin Əyn-Baal kəndində isə bir nəfər həlak olub.

Hücum nəticəsində ümumilikdə 32 nəfər xəsarət alıb.

İsrail və Livan arasında 10 günlük atəşkəs 16 apreldə elan edilib. Daha sonra, 23 apreldə ABŞ prezidenti Donald Tramp atəşkəsin daha üç həftə uzadıldığını elan edib.