"BBC" - Kubada nümayişçilər Kommunist Partiyasının ofisini dağıdıblar
"BBC" - Kubada nümayişçilər Kommunist Partiyasının ofisini dağıdıblar

“BBC”nin məlumatına görə, ölkədə ərzaq qiymətlərinin kəskin artması və elektrik kəsintilərinə qarşı keçirilən aksiyadan sonra nümayişçilər Kommunist Partiyasının ofisini dağıdıblar.

Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 14-də, gecə saatlarında Moron şəhərində aktivistlərin kiçik bir qrupu partiyanın ofisini zədələyib. Nəticədə beş nəfər həbs olunub.

“BBC”nin məlumatına görə, Kubada vətəndaşların narazılığı ölkədə mövcud enerji və iqtisadi böhranla bağlıdır. Elektrik enerjisinin kəsilməsi tez-tez baş verir, qida, yanacaq və dərman çatışmazlığı mövcuddur.

Kuba hakimiyyəti böhranı ABŞ-ın tətbiq etdiyi neft blokadası ilə əlaqələndirir.

Kuba prezidenti Migel Diaz-Kanelin bildirdiyinə görə, nümayişçilərin tələb və şikayətləri “qanuni” olsa da, hakimiyyət “vətəndaşların dincliyini təhdid edən zorakılıq və vandalizmə” yol verməyəcək.

O, X sosial şəbəkəsində yazıb ki, uzunmüddətli elektrik enerjisi kəsilməsi əhali arasında “ağır psixoloji problemlər”ə səbəb olub. Onun dediyinə görə, bunun səbəbi son aylarda xüsusilə şiddətlənən ABŞ-ın blokadasıdır.

Kubada aksiyalar hökumətin ABŞ ilə danışıqlara başladığı bir vaxtda baş verib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp açıq şəkildə Kubada hakimiyyəti dəyişdirmək istəyini təsdiqləyib. O, ölkənin “ciddi böhran içində” olduğunu deyib.

“BBC”nin məlumatına görə, ABŞ Venesuelada Nikolas Maduronu həbs etdikdən sonra Vaşinqton adanın enerji istehlakının təxminən yarısını təmin edən Kubaya Venesuela neftinin tədarükünü dayandırıb. Tramp həmçinin Kubaya neft satan istənilən ölkəyə qarşı tariflər tətbiq etməklə hədələyib.