“BBC” – İspaniya və Fransada meşə yanğınları hələ də söndürülə bilmir, 330 000-dən çox insan təxliyə edilib

17:53, 26.07.2026

İspaniya və Fransada meşə yanğınları hələ də söndürülə bilmir, 330 000-dən çox insan təxliyə edilib – bu barədə “BBC” yazır.

Nəşr yazır ki, Fransada, Bordo şəhəri yaxınlığında yanğınsöndürənlər genişmiqyaslı meşə yanğınlarını lokallaşdırmağa çalışırlar. Ölkənin cənub-qərb hissəsində gecə ərzində təxminən 55 000 insan təxliyə edilib. Bordo merinin bildirdiyinə görə, yanğın şəhərin ətraf qəsəbələrindən təxminən 15 kilometr, mərkəzindən isə 25-30 kilometr uzaqlıqdadır. Onun sözlərinə görə, bu mərhələdə Bordonun təxliyə edilməsinə ehtiyac yoxdur, lakin onlar bütün mümkün ssenarilərə hazırlaşırlar.

Yanğın artıq 42 000 hektar meşəni məhv edib ki, bu da İkinci Dünya Müharibəsindən sonra ən genişmiqyaslı meşə yanğınlarından biri hesab olunur. İlin əvvəlindən ölkədə ümumilikdə 100 000 hektardan çox ərazi yanıb, cənub-qərb bölgələrindən isə 220 000-dən çox insan təxliyə edilib. Yanğının söndürülməsində 2 500 yanğınsöndürən, o cümlədən İsveçrənin xilasetmə qrupu, həmçinin 1 500 hərbçi və təxminən 1 200 polis və jandarm iştirak edir.

Bununla yanaşı, İspaniyada da vəziyyət çətindir. Madrid və Avila ətrafındakı bölgələrdən 90 000-dən çox insan təxliyə edilib, Valensiya yaxınlığında isə yeni yanğın ocağı yaranıb. Valensiya regionunun prezidenti Xuanfran Peres Lorkanın bildirdiyinə görə, alov o qədər güclüdür ki, mövcud resurslarla onun söndürülməsi qeyri-mümkündür. İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, ölkəni çətin saatlar gözləyir.

Oxşar