Batumidə gürcü müsəlmanları Ramazan bayramını qeyd ediblər
Batumidə gürcü müsəlmanları Ramazan bayramını qeyd ediblər

Gürcü müsəlmanları da bu gün müsəlman dünyasının əsas bayramlarından biri olan Ramazan Bayramını qeyd ediblər. Batumi Mərkəzi Məscidində bayram namazı səhər saat 07:40-da başlayıb. Məscid illərdir bayram günlərində namaz qılmaq istəyənləri qəbul edə bilmədiyi üçün dindarların bir hissəsi ayinini yaxınlıqdakı küçədə icra edib. Müsəlman dindarlarının ikinci hissəsi Batumidə yeni məscid tikilməsini tələb etdikləri əraziyə toplaşıb.

“Bu gün birliyə, qarşılıqlı anlaşmaya, bağışlanmağa hava kimi ehtiyacımız var, bizim əsas vəzifəmiz dini və milli dəyərləri eyni zamanda qorumaqdı”, – Gürcüstanın müftisi Adam Şantadze xütbəsi zamanı bildirib.

Acara hökumətinin sədri və muxtar respublikası hakimiyyətinin digər rəsmi şəxsləri Batumi Mərkəzi Məscidində dindarları bayram münasibətilə təbrik ediblər.

Ramazan Bayramı bir ay davam edən ağır orucun sonunda qeyd olunur. Bir ay ərzində möminlərə gün çıxandan gün batana qədər hər hansı bir yemək və su qəbul etmək qadağandır. Bayram günü bayram namazı ilə bərabər, onlar səxavətlə sədəqə verir, bir-birilərinə şirniyyat təklif edirlər və əcdadlarının məzarlarını ziyarət edirlər.

Ramazan Bayramı ilə əlaqədar martın 30-da Batumi bələdiyyə avtobusları sərnişinlərə pulsuz xidmət göstərəcək.