Batumi və Kobuleti avtoparkına müasir standartlara cavab verən 18 ədəd avtobus əlavə olunub
Batumi və Kobuleti avtoparkına müasir standartlara cavab verən 18 ədəd avtobus əlavə olunub.
Acara hökumətinin sədri Sulxan Tamazaşvili inzibati vahidlərin rəhbərləri ilə birlikdə yeni avtobuslara baxış keçirib.
Sulxan Tamazaşvili qeyd edib ki, regionda ictimai nəqliyyatın inkişafı hökumətin əsas prioritetlərindən birini təşkil edir.
“Acarada ictimai nəqliyyatın inkişafı əsas prioritetlərimizdən birini təşkil edir. Bu məqsədlə Batumi və Kobuleti bələdiyyə avtoparklarına 18 yeni avtobus verilib. Əlbəttə ki, yenilənmiş avtopark vətəndaşlarımız üçün daha rahat və təhlükəsiz nəqliyyatı təmin edəcək. Ümumiyyətlə, nəqliyyat sisteminin inkişafı uzunmüddətli strategiyamızın bir hissəsidir. Biz tədricən infrastrukturu təkmilləşdirəcək və regionda müasir standartlara cavab verən bələdiyyə nəqliyyatını təmin edəcəyik”, – Tamazaşvili bildirib.
Layihə çərçivəsində Batumi avtoparkı 10 ədəd 12 metrlik avtobusla yenilənib. Onların hər biri eyni anda 110 sərnişinə xidmət göstərir. Kobuleti bələdiyyə avtoparkına isə 32 sərnişin üçün nəzərdə tutulmuş 8 avtobus əlavə edilib.