Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT-nin Türkmənistanın Avaza şəhərində ev sahibliyi etdiyi konfransda iştirak edəcək.
Hökumət administrasiyasının məlumatına görə, işgüzar səfər çərçivəsində avqustun 5-də Gürcüstan hökumətinin başçısının konfransda çıxışı planlaşdırılır. İrakli Kobaxidze Gürcüstanın strateji mövqeyinə və ölkənin dənizə çıxışı olmayan səkkiz ölkəyə mühüm əlaqə imkanları təqdim edən Şərqlə Qərbi birləşdirən dəhliz roluna diqqət yetirəcək.
Səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı konfransa ev sahibliyi edən Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və BMT-nin baş katibi Antonio Quterreşlə təkbətək görüşəcək.
İrakli Kobaxidze sammitdə iştirak etmək üçün xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə səfər edib.