Azərbaycanın Xarici İşlər Nazirliyi – Fransa Ermənistanı revanşizmə hazırlayır, ölkənin genişmiqyaslı silahlanmasını həyata keçirir və Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir

13:49, 26.09.2024

 
Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın Prezidenti Emmanuel Makronu Cənubi Qafqazda sülh prosesinə qərəzli yanaşmada ittiham edir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Emmanuel Makronun BMT-nin Baş Assambleyasında çıxışı zamanı, “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” haqda bəyanatları Fransanın göstərdiyi qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsidir.

“Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin genişmiqyaslı silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir. Təxminən 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz vətənindən didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu heçə sayan Ermənistanın sülhsevər qurban ölkə kimi təqdim olunması Fransanın apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir. Dünyanın bir çox yerlərində xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik” – Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

Oxşar