Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar İran səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Müvafiq məlumatı Azərbaycan mediası Xarici İşlər Nazirliyinə istinadən yayır.
Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən görüşdə İran səfirinə diplomatik nümayəndəliklərə bu cür hücumların qəbuledilməz olduğu bildirilib, eləcə də Azərbaycan səfirliyinə silahlı basqın kəskin şəkildə qınanıb. Nazirlikdə “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasının müdafiəsi və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu vurğulanıb.
Azərbaycan tərəfi İran hakimiyyətindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunmasını, terror aktının hərtərəfli araşdırılmasını, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılmasını qətiyyətlə tələb edib.
Səfirlə görüşdə Xarici İşlər Nazirliyi habelə son vaxtlar İranda Azərbaycan əleyhinə aparılan kampaniyadan təəssüfləndiyini bildirib və bu da, Bakının fikrincə, onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirir.
İran səfiri Seyid Abbas Musəvi öz növbəsində Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına başsağlığı verdiyini bildirib.
İran səfiri İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığını vurğulayıb.
Xatırladaq ki, bu gün silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə basqın təşkil edəərk Kalaşnikov avtomatından atəş açıb. Səfirliyin mühafizə xidmətinin rəhbəri həlak olub, iki mühafizəçi yaralanıb. Azərbaycan tərəfi hadisəni terror aktı kimi qiymətləndirib.