Azərbaycanda matəm günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində dekabrın 26-da başsağlığı kitabı açılacaq
Azərbaycanda elan olunmuş matəm günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində dekabrın 26-da başsağlığı kitabı açılacaq.
“Cari ilin 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb və nəticədə çoxlu sayda insan həlak olub. Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazisində 26 dekabr tarixində matəm elan olunmuşdur.
Bu məqsədlə, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində cari ilin 26 dekabr (saat 13:00-18:00) və 27 dekabr (saat 10:00-13:00 və saat 15:00-18:00) tarixlərində başsağlığı kitabı açılacaqdır. Eyni zamanda onlayn başsağlığı ifadə etmək istəyənlər, xahiş edirik, [email protected] ünvanından istifadə edin.
Dəhşətli fəlakət nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verir, xəsarət alanlara isə tezliklə sağalmasını arzulayırıq”, – səfirliyin bəyanatında deyilib.
Xatırladaq ki, bu gün Bakıdan Qroznıyə uçan və istiqamətini dəyişən “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsi Aktau hava limanının 3 kilometrliyində qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub.