Azərbaycan Prezidentinin Administrasiyası – İlham Əliyev Entoni Blinkenlə söhbətində Laçın-Stepanakert yolunun Azərbaycan tərəfindən blokadaya alınmadığını bildirib
Azərbaycan Prezidenti İlham Əliyev Laçın-Stepanakert yolunun Azərbaycan tərəfindən blokadaya alınmadığını bildirir. Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunan məlumata görə, bu barədə İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı açıqlayıb.
“Telefon danışığı zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Entoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və sülh müqaviləsi üzrə danışıqlara dəstəyini ifadə edib. Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci ilin 12 dekabr tarixindən sonra 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir”- deyə Azərbaycan Prezident Administrasiyasının yaydığı bəyanatda bildirilir.
İlham Əliyev onu da vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Əliyev həmçinin Ermənistan tərəfindən istehsal olunmuş minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.
Bundan başqa, Əliyev qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.
O, Qarabağ iqtisadi zonasında yaşayan erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası əsasında təmin olunacağını qeyd edib.
Dövlət Departamenti də İlham Əliyevlə Entoni Blinkenin telefon danışığı ilə bağlı məlumat yayır. Qurumun məlumatına əsasən Blinken İlham Əliyevi Laçın dəhlizinin kommersiya daşımaları üçün dərhal açmağa çağırıb. O, Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması perspektivini sarsıtdığını vurğulayıb.