Azərbaycan David Qareci ərazisində sərhəd postunu açdı - "Azərbaycan-Gürcüstan dövlət sərhədi həmişə dostluğun nümunəsi olub"
Azərbaycan David Qareci ərazisində sərhəd postunu açdı. Bu barədə məlumatı Azərbaycan Dövlət Sərhəd Xidməti yayır.
“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilmişdir. Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevinrəhbərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmlənməsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni istifadəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu qeyd etmişdir.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəli inkişafı xüsusi vurğulanmışdır.
Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayanmaları qeyd edilmişdir”, – Azərbaycan Dövlət Sərhəd Xidmətinin bəyanatında deyilir.