Avropalı liderlər Rusiyanın Ukraynaya hücumunu cinayət və barbarlıq adlandırıblar
Avropalı liderlər Rusiyanın Ukraynaya hücumunu cinayət və barbarlıq adlandırıblar. Fransa prezidenti ukraynalı həmkarı ilə təcili telefon danışığı aparıb. Yelisey Sarayından bildirilib ki, Makron Ukraynanı dəstəklədiyini bir daha təsdiqləyib və sadə vətəndaşların ölümü ilə əlaqədar dərin narahatlıq ifadə edib.
Almaniya kansleri Olaf Şolts da həmçinin Volodimir Zelenski ilə danışıb. O, Berlin və G7-yə üzv ölkələrin Ukrayna liderini dəstəklədiyini təsdiqləyib.
“Kansler Şolts yaranmış vəziyyətlə əlaqədar səhər telefonla Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb. Telefon danışığı zamanı ona Kiyevdəki vəziyyət barədə məlumat verilib. Kansler Almaniya və G7-yə üzv ölkələrin Ukrayna ilə həmrəy olduğunu təsdiqləyib. O bildirib ki, Almaniya əlavə yardım səfərbər etmək, xüsusən də zədələnmiş və dağılmış mülki infrastrukturun bərpası üçün hər şeyi edəcək” – deyə Almaniya hökumətinin sözçüsü Ştefan Hebeştrayt bildirib.
Polşanın xarici işlər naziri Zbiqnev Rau Rusiyanın raket zərbələrini “barbar akt və müharibə cinayəti” adlandırıb və əlavə edib ki, Rusiya müharibədə qalib gəlməməlidir.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də analoji bəyanatla çıxış edib və qeyd edib ki, mülki obyektlərə hücum qəbuledilməzdir və bu, Putinin zəifliyindən xəbər verir.
Avropa İttifaqında Ukraynaya hücum qınanılıb.
“Bəli, Aİ mülki şəxslərə və infrastruktura qarşı bu dəhşətli hücumları qətiyyətlə qınayır. Bunlar barbarcasına, qorxaqcasına hücumlardır və Rusiyanın vətəndaşlara fərq qoymadan bombardmanı seçdiyini göstərir”- bu barədə Avropa İttifaqının Xarici İşlər Nazirliyinin rəhbəri Cozef Borrel bildirib.