Avropada rekord yay istiləri 35 000-dən çox insanın ölümünə səbəb olub

15:51, 25.08.2026

Avropada rekord yay istiləri 35 mindən çox insanın ölümünə səbəb olub. İlkin göstəricilərə görə, təkcə Avropa İttifaqının üç böyük ölkəsində – Almaniya, Fransa və İspaniyada yüksək temperatur 25 000-dən çox insanın ölümünə səbəb olub.

Bununla yanaşı, mütəxəssislər deyirlər ki, avqust ayının ümumi göstəriciləri hesablandıqdan sonra həlak olanların sayı əhəmiyyətli dərəcədə artacaq. Ən yüksək ölüm göstəricisi Almaniyadadır; burada 6 aprel – 9 avqust tarixləri arasında istilərlə bağlı təxminən 14 000 ölüm faktı qeydə alınıb.

Robert Kox İnstitutunun (RKI) Səhiyyə Agentliyinin məlumatına görə, təkcə 22 iyundan 28 iyun da daxil olmaqla həftədə 9 600 insan dünyasını dəyişib. Bununla yanaşı, III Karlos Sağlamlıq İnstitutunun Ölüm Monitorinqi Sisteminin göstəricilərinə görə, İspaniyada may ayından bu həftəyə qədər olan dövrdə 4 947 ölüm faktı qeydə alınıb. İyul ayının sonuna olan göstəricilərə əsasən, Fransada güclü istilər təxminən 5 800 insanın ölümünə səbəb olub.

Medianın məlumatına görə, son rəqəmlərin hesablanması həftələr, hətta aylar çəkə bilər. Bir çox ölkə hələ avqustun əvvəli üçün olan göstəriciləri belə dərc etməyib.

Məlumat üçün bildirək ki, 2026-cı ilin may ayından etibarən Qərbi Avropada davam edən anomal istilər yüzlərlə meteorologiya stansiyasında tarixi temperatur rekordlarını qırıb və Fransada tarixin ən isti orta günlük temperaturu qeydə alınıb. İyunun sonunda Almaniya ardıcıl üç gün ərzində temperatur rekordunu qırıb və 46 stansiyada temperatur 40°C-ni ötüb, İspaniyada isə temperatur bir neçə gün ərzində 42°C-dən yüksək olub.

Oxşar