Avropa Yayımçılar İttifaqının nümayəndələri Gürcüstanın Birinci Kanalında olublar
Avropa Yayımçılar İttifaqının (EBU) nümayəndələri Uşaq Avroviziyası çərçivəsində Gürcüstanın İctimai Yayımçı şirkətində olublar.
Avropa Yayımçılar İttifaqının nümayəndələrini İctimai Yayımçının Baş direktoru Tinatin Berdzenişvili rəhbərlik nümayəndələri ilə birlikdə qarşılayıb.
Avropa Yayımçılar İttifaqının nümayəndələri Birinci Kanalın yeni binasına, yeni və cari xəbərlərin, radionun və müxtəlif verilişlərin studiyalarına baxış keçirib, əməkdaşların işi ilə tanış olublar.
Tinatin Berdzenişvilinin qeyd etdiyi kimi, Avropa Yayımçılar İttifaqının nümayəndələri və xarici teleşirkətlərin rəhbərləri Birinci Kanalın yeni binasını yüksək qiymətləndiriblər.
“Uşaq Avroviziyası çərçivəsində Avropa Yayımçılar İttifaqının menecmenti, müxtəlif televiziya şirkətlərinin rəhbərləri, baş direktorlar və prodüser qrupları gəliblər. Tədricən hamısı yeni binamızı görməyə gəlir, çünki bu, həqiqətən də müəyyən bir instalyasiya, region üçün və yalnız region üçün deyil, bir nümunədir. Bir çox Avropa televiziyasının belə bir infrastruktur binası yoxdur, hansı ki, indi Gürcüstanda mövcuddur. Bu, bizim televiziya sənayemiz üçün ən yaxşı qiymətləndirmələrdən biridir”, – deyə Tinatin Berdzenişvili bildirib.
Avropa Yayımçılar İttifaqının baş direktorunun birinci müavini, media direktoru Jan-Filip de Tenderin dediyinə görə, İctimai Yayımçının yeni binası çox təsir edicidir.
“Düşünürəm ki, bu, heyrətamiz, təsir edici, çox ağıllı şəkildə planlaşdırılmış binadır. Bu, işləmək üçün çox gözəl yerdir və düşünürəm ki, yaradıcı insanlar həqiqətən belə bir yerə layiqdirlər. Bu mühit onları daha gözəl hekayələr yaratmağa ruhlandırır”, – Jan-Filip de Tender bildirib.






