Avropa Parlamentinin vitse-spikeri Eva Kayli korrupsiya ittihamı ilə saxlanılıb

12:13, 10.12.2022

 
Avropa Parlamentinin vitse-spikeri Eva Kaylinin adı korrupsiya qalmaqalına qarışıb. Yunan avropalı parlamentari Brüssel polisi tərəfindən saxlanılıb. Məlumatı “Deutsche Welle” yayır.

Konkret olaraq, polis deputatı Qətər tərəfindən mümkün korrupsiya sövdələşmələri ilə bağlı istintaq çərçivəsində saxlayıb. Bu iş üzrə ümumilikdə 5 nəfər saxlanılıb. Onların arasında Avropa Parlamentinin vitse-spikerinin həm də parlamentdə işləyən tərəfdaşı, italiyalı siyasətçi və qeyri-hökumət təşkilatlarından birinin üzvü də var.

Kayli yunan sosialist “Pasok” partiyasının üzvüdür. Partiya hadisəyə görə Kaylinin artıq siyasi birlikdən xaric edildiyini açıqlayıb.

Avropa Parlamentinin deputatı Eva Kayli Qətərin əmək bazarında mövcud vəziyyəti araşdıran Avropa Parlamentinin nümayəndələrindən biri olub. Kayli Qətərdə olub, bundan sonra orada həyata keçirilən və aparılan islahatları müsbət qiymətləndirib.

Məlumat üçün bildirək ki, hüquq müdafiəçiləri Qətərdə işlə təmin olunmuş Asiyalı və Afrikalı miqrantların bir sıra hüquqlarının pozulması faktını aşkarlayıblar. Avropa Parlamenti Qətərdən əmək bazarında islahat tələb edirdi.

Oxşar