Avropa Parlamentinin qətnaməsi – Macarıstanı bundan sonra seçkilərin müntəzəm, lakin demokratik normalara hörmət edilmədən keçirildiyi “elektoral avtokratiya” adlandırmaq olar

19:51, 15.09.2022

 

Avropa Parlamentinin qiymətləndirməsinə əsasən, Macarıstan artıq tam demokratik ölkə deyil. Bu barədə Aİ-nin qanunverici orqanının qəbul etdiyi qətnamədə deyilir. Məlumatı “Euronews” yayır.

Sənədə əsasən, Macarıstanı bundan sonra seçkilərin müntəzəm, lakin demokratik normalara hörmət edilmədən keçirildiyi “elektoral avtokratiya” adlandırmaq olar.

Müvafiq qətnaməni 433 deputat dəstəkləyib, 123 deputat əleyhinə səs verib, 28 deputat isə bitərəf qalıb.

Sənəddə avropalı parlamentarilər məsuliyyəti şəxsən Macarıstanın baş naziri Viktor Orbana yükləyir və onun hökumətinin Avropanın əsas dəyərlərinə zərbə vurmaq üçün düşünülmüş və sistemli səylərini qınayırlar.

Qətnamədə avropalı parlamentarilər seçki sistemi, ədalət mühakiməsinin müstəqilliyi, ifadə azadlığı, media plüralizmi, LGBTQI hüquqları, eləcə də azlıqların və sığınacaq axtaranların müdafiəsi daxil olmaqla Macarıstanda fundamental insan hüquqlarının müdafiəsi ilə bağlı narahat olduqlarını bildirirlər.

Avropalı parlamentarilər Macarıstanda demokratiyanın geriləməsi və ölkənin hibrid “elektoral avtokratiyaya” çevrilməsinə imkan verən Aİ təsisatlarını da tənqid edirlər.

Bu, Avropa İttifaqının təsisatlarından birinin üzv dövləti “qeyri-müvafiq demokratiya” elan etməsinin ilk halıdır.

Oxşar