Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələri Ukraynaya Rusiyadakı qanuni hədəflərə qarşı Qərb silahlarından istifadə etməyə icazə verməyə çağıran qətnamə qəbul edib

17:09, 19.09.2024

 
Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələri Ukraynanın Rusiyadakı qanuni hədəflərə qarşı Qərb silahlarından istifadə etməsinə icazə verməyə çağırır – bu haqda Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə deyilir.

Qətnaməni 425 deputat dəstəkləyib, 131 deputat əleyhinə səs verib, 63 avropalı qanunverici isə bitərəf qalıb.

Qətnamənin mətnində deyilir ki, silahdan istifadəyə qoyulan məhdudiyyətlər aradan qaldırılmadan Ukrayna müdafiə hüququndan tam istifadə edə bilmir, öz əhalisinə və infrastrukturuna hücumlara qarşı həssas olaraq qalır. Parlamentin üzvləri qeyd edirlər ki, hərbi yardımın kifayət qədər verilməməsi və onlardan istifadənin məhdudlaşdırılması indiyədək göstərilən səylərə mənfi təsir göstərəcək.

Bununla yanaşı, deputatlar Avropa İttifaqına üzv ölkələri 2023-cü ilin martında Ukraynaya bir milyon mərmi çatdırılması ilə bağlı götürdükləri öhdəliyi yerinə yetirməyə və silah, hava hücumundan müdafiə sistemləri və digər avadanlıqların çatdırılmasını sürətləndirməyə çağırırlar.

Qətnamədə Avropa Parlamentinin üzvləri həmçinin Avropa İttifaqına üzv ölkələri Rusiya, Belarus və Aİ üzvü olmayan ölkələrə və Rusiyaya hərbi və texnoloji yardım göstərən şirkətlərə qarşı sanksiyaları qoruyub saxlamağa və genişləndirməyə çağırırlar.

Avropa Parlamentinin üzvləri qeyd edirlər ki, İranın Rusiyaya ballistik silahlar verməsini pisləyirlər, Tehran və Pxenyana qarşı sanksiyaların sərtləşdirilməsini tələb edirlər. Avropa Parlamenti Avropa İttifaqını və onun üzv ölkələrini Ukraynaya beynəlxalq dəstəyi gücləndirmək və müharibənin sülh yolu ilə tənzimlənməsi yollarını müəyyən etmək üçün fəal işləməyə çağırır. Eyni zamanda, Avropa Parlamentinin deputatları qeyd edirlər ki, münaqişənin tənzimlənməsinin istənilən yolu Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında olmalıdır.

Oxşar