Avropa ölkələrinin bir hissəsi Emmanuel Makronun Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsindən bəhs edən bəyanatından narahatlığını bildirib
Avropa ölkələrinin bir hissəsi Fransa prezidenti Emmanuel Makronun Moskva danışıqlar masasına qayıtdıqdan sonra Avropanın Rusiyaya təhlükəsizlik zəmanətlərini necə verməsi barədə düşünməli olduğunu qeyd etdiyi bəyanatından narahatlığını bildirib. Bu barədə “Reuters” agentliyi yazır.
Qeyd etmək lazımdır ki, Makronun bu açıqlamasına görə Ukrayna və Baltikyanı ölkələr dərhal öz etirazlarını bildiriblər. Öz növbəsində, Fransa prezidentinin administrasiyası və Xarici İşlər Nazirliyi Makronun açıqlamasına şişirdilmiş məna yükləndiyini açıqlayıb. Buna baxmayaraq, dekabrın 12-də Aİ-yə üzv olan bir neçə ölkə Emmanuel Makronun bəyanatından rəsmən narazılığını bildirib.
“Reuters”in məlumatına əsasən, rəsmi “demarş”ı hazırda Aİ-yə sədrlik edən Çexiya təşkil edib. Baltikyanı ölkələr, Polşa və Slovakiya Çexiyaya qoşulub.
Aİ diplomatlarının jurnalistlərə verdiyi məlumata görə, sənəddə Rusiyanın bütün hərəkətlərinin Avropa təhlükəsizlik arxitekturasına qarşı yönəldiyi və Avropanı parçalamaq və zəiflətmək məqsədi daşıdığı bildirilir.
Sənəd bazar ertəsi, dekabrın 19-da Fransa Xarici İşlər Nazirliyinə göndəriləcək.