Avropa Komissiyası Avropa İttifaqına giriş icazəsinin qiymətinin artırılmasını nəzərdə tutan təşəbbüsü təqdim edib
Avropa Komissiyası Avropa İttifaqına giriş icazəsinin qiymətinin artırılmasını nəzərdə tutan təşəbbüsü təqdim edib.
Bu, Səyahət və Avtorizasiya üzrə Avropa İnformasiya Sistemi çərçivəsində yeni informasiya sistemidir. Onun məqsədi üçüncü ölkələrdən gələn şəxslərə ciddi nəzarət və inzibati prosedurların sadələşdirilməsi yolu ilə Avropa İttifaqının təhlükəsizliyini gücləndirməkdir.
2018-ci ildə qəbul edilmiş reqlamentə əsasən, Avropa İttifaqına giriş icazəsinin dəyəri üç il müddətinə 7 avro təşkil edirdi. Lakin Avropa Komissiyası bu məbləğin 20 avroya qədər artırılmasını tələb edir.
“2018-ci ildən bəri inflyasiyanın artması və əlavə əməliyyat xərcləri, o cümlədən sistemə inteqrasiya olunmuş yeni texniki funksiyalar nəzərə alınmaqla, ödəniş 20 avroya qədər artırılacaq”, – Avropa Komissiyası izah edir.
Təşəbbüs təsdiqlənəcəyi təqdirdə, yeni tarif Səyahət və Avtorizasiya üzrə Avropa İnformasiya Sisteminin fəaliyyətə başlaması ilə qüvvəyə minəcək ki, bu da 2026-cı ilin sonuna nəzərdə tutulur.