Avropa İttifaqının energetika nazirləri qazın qiymət həddinin tətbiq edilməsi ilə bağlı razılığa gəliblər

11:04, 20.12.2022

 

Həftələrlə davam edən danışıqlardan sonra Aİ-nin energetika nazirləri qazın qiymət həddinin tətbiq edilməsi ilə bağlı razılığa gəliblər. Məlumatı “Reuters” yayır.

Sözügedən tədbir Avropa İttifaqında enerji böhranının aradan qaldırılmasına yönəlib. Belə ki, nazirlər məhdudiyyətin qazın qiymətinin üç gün ərzində bir meqavat saat üçün 180 avrodan yüksək olarsa qüvvəyə minəcəyi barədə  razılaşıblar.

“Biz vətəndaşlarımızı rekord yüksək enerji qiymətlərindən qoruyacaq vacib razılaşma əldə etdik” -bu barədə Avropa İttifaqının hazırkı sədr ölkəsi olan Çexiyanın sənaye naziri Yozef Sikela açıqlayıb.

Qazın qiymət həddi 2023-cü ilin fevralın 15-dən qüvvəyə minə bilər. Razılaşma ölkələr tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.

Enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson bildirib ki, qazın qiymət həddinin müəyyən edilməsi enerji böhranından çıxmaq üçün yalnız ilk addım olacaq.

“Bu gün qazın həddindən artıq qiymətini məhdudlaşdırmaq barədə razılığa gəlməyimiz vacibdir. Eyni zamanda, qazın vahid alışını indi reallığa çevirmək heç də az əhəmiyyət kəsb etmir. Biz irəli gedə və icazələrin verilməsini sürətləndirə bilərik. Biz enerji həmrəyliyimizi gücləndirə bilərik. Yalnız qaz iqtisadiyyatı və müştəri dəstəyinin digər tədbirləri ilə bazarın tənzimlənməsi mexanizmi bizə yaxşı xidmət edəcək”- deyə enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson açıqlayıb.

Oxşar