Avropa İttifaqının altı ölkəsinin daxili işlər nazirləri sığınacaq verilməsi qaydalarının sərtləşdirilməsi ilə bağlı tədbirlər üzərində razılığa gəliblər
Avropa İttifaqının altı ölkəsinin daxili işlər nazirləri sığınacaq verilməsi qaydalarının sərtləşdirilməsi ilə bağlı tədbirlər üzərində razılığa gəliblər

Avropa İttifaqının altı ölkəsinin daxili işlər nazirləri sığınacaq verilməsi qaydalarının sərtləşdirilməsi ilə bağlı tədbirlər üzərində razılığa gəliblər.

Almaniya, Fransa, Polşa, Avstriya, Çexiya və Danimarkanın daxili işlər nazirləri ilə Avropa Komissiyasının daxili məsələləri üzrə komissarı Maqnus Brunerin görüşü Almaniyanın ən hündür zirvəsi olan Tsuqşpitsdə baş tutub.

Brüsselin təsdiqini tələb edən sığınacaq verilməsi ilə bağlı razılaşdırılmış qaydalar, sığınacaq almaqdan imtina edilmiş miqrantların Aİ xaricində yerləşən təhlükəsiz mərkəzlərə köçürülməsini, həmçinin sığınacaq prosedurlarının üçüncü ölkələrdə həyata keçirilməsini və Əfqanıstan ilə Suriyaya deportasiyalara icazə verilməsini nəzərdə tutur.

Almaniyanın yeni hökuməti artıq miqrasiya siyasətini sərtləşdirib, o cümlədən sərhəd nəzarəti tətbiq edib və ailələrin birləşməsi proqramını dayandırıb.

“Ölkəmizin qeyri-qanuni miqrasiya ilə yüklənməsi, həmçinin cəmiyyətin qütbləşməsinə səbəb olmasından hamımız narahatıq. Biz bu qütbləşmə ilə mübarizə aparmaq istəyirik”, – Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib.

Nazirlərin birgə bəyanatında həmçinin deyilib ki, qeyri-qanuni miqrasiya problemini həll etmək üçün miqrantların vətənlərinə qayıtmasını təşviq etmək və üçüncü ölkələrlə əməkdaşlığı gücləndirmək üçün ticarət və inkişaf yardımından istifadə olunacaq. Həmçinin, altı ölkə sərhəddə insanları qeyri-qanuni keçirən şəxslər və qruplara qarşı mübarizədə razılığa gəlib.