Avropa İttifaqında bildirirlər ki, Rusiya tərəfindən Ukraynanın işğal olunmuş ərazilərində keçirilən regional seçkilər beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulmasıdır
Avropa İttifaqı Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi regional seçkiləri beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulması kimi qiymətləndirir. Bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin sözçüsünün bəyanatında deyilib.
“14 sentyabrda Rusiya hakimiyyəti qanunsuz şəkildə anneksiya olunmuş Krımda, xüsusilə Sevastopol şəhərində regional və yerli seçkilər keçirir. Avropa İttifaqı bu “seçkiləri” və onların nəticələrini işğal olunmuş ərazilərdə tanımır. Bu, beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin, eləcə də Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün növbəti pozuntusudur.
“Rusiyanın işğalı və Krımın qanunsuz anneksiyasına cəhdindən on ildən çox vaxt keçməsinə baxmayaraq, Avropa İttifaqı bir daha öz mövqeyini təsdiqləyir: Krım Ukraynanındır. BMT Baş Assambleyasının 2014-cü il 27 mart tarixli qətnaməsinə əsaslanaraq, biz Rusiyanı Ukraynanın milli birliyi və ərazi bütövlüyünü pozmaq cəhdlərini dayandırmağa çağırırıq. Avropa İttifaqı Ukraynanın Rusiyanın təcavüzkar müharibəsinə qarşı göstərdiyi müqavimətə sarsılmaz dəstəyini ifadə edir və Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün bərqərar olmasını qətiyyətlə dəstəkləyir”, – bəyanatda deyilib.
Məlumat üçün bildirək ki, Rusiyada regional seçkilər sentyabrın 12-14-də keçirilir.