Avropa İttifaqı Türkiyəni Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyə çağırır
Avropa İttifaqı Türkiyəni Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyə çağırır. Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozef Borrelin alman mətbuatına müsahibəsində dediyi kimi, Rusiyanın Ukraynaya təcavüzündən sonra Ankara ilə Moskva arasında ticarət əlaqələrinin dərinləşməsi Avropa İttifaqının narahatlığına səbəb olur.
O, müharibə başlayandan sonra Türkiyənin Rusiyaya ixracı artırdığını və daha çox rus nefti aldığını bildirib.
Borrelin dediyi kimi, Ankara Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmağa kömək etməməlidir. O, Türkiyənin Aİ üzvlüyünə namizəd ölkə olduğunu və Brüsselin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara Aİ üzvlüyünə bütün namizədlərin əməl edəcəyini gözlədiyini də vurğulayıb.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri avqust ayında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.