Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini qəbul edib
Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirməsinə, mülki əhaliyə və mülki infrastruktura hücumlarına cavab olaraq, 9-cu sanksiyalar paketini qəbul edib-bu barədə təşkilatın yaydığı rəsmi bəyanatda deyilir.
Növbəti sanksiyalar paketi Rusiyaya qarşı yeni ixrac nəzarəti və məhdudiyyətləri tətbiq edir. Bugünkü qərarla Avropa İttifaqı aviasiya və kosmik sənaye ilə bağlı mal və texnologiyaya ixrac qadağasını genişləndirəcək. Bu o deməkdir ki, bundan sonra dron mühərriklərinin birbaşa Rusiyaya və Rusiyaya tədarük edə biləcək hər hansı üçüncü ölkəyə ixracı qadağandır.
Bununla yanaşı, sanksiyalar Rusiyanın bank və enerji sektorlarını da əhatə edir. Məhdudiyyətlər konsultasiya xidmətlərinə də aiddir. Belə ki, bugünkü qərara əsasən, Rusiya Federasiyasına Aİ-nin reklam, bazar araşdırması və ictimai rəy sorğusu xidmətləri, eləcə də məhsulların sınaqdan keçirilməsi və texniki baxış xidmətləri qadağan edilib.
Bundan əlavə, Aİ vətəndaşlarına bu gündən etibarən Rusiya dövlətinin mülkiyyətində olan və ya nəzarət edilən hüquqi şəxsin, qurumun və ya agentliyinin rəhbər orqanlarında hər hansı vəzifə tutmaq qadağan edilir.
İqtisadi sanksiyalarla yanaşı, fiziki və hüquqi şəxslərə də sanksiyalar tətbiq edilib.
Açıqlamaya əsasən sanksiyalar Rusiya və Rusiya hökumətinə təzyiqi gücləndirmək məqsədi daşıyır.