Avropa İttifaqı gələn il Ukraynaya yardım üçün 18 milyard avro ayırmağı planlaşdırır

19:46, 21.10.2022

 

Avropa İttifaqı 2023-cü ildə Ukraynaya hər ay 1,5 milyard avro ayıracaq. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen Brüsseldə keçirilən sammitin yekununda bildirib.

Belə ki, Avropa İttifaqı 2023-cü ildə Ukraynaya yardım üçün 18 milyard avro ayırmağı planlaşdırır. Bununla yanaşı, Ursula fon der Laiyen Avropa İttifaqının indiyədək Kiyevə 19 milyard avro ayırdığını bildirib.

“Ukraynanın proqnozlaşdırıla bilən və sabit gəlirə malik olması çox vacibdir” – deyə Avropa Komissiyasının prezidenti açıqlayıb və qeyd edib ki, Kiyevin hesablamalarına görə, onun əsas ehtiyaclar üçün hər ay 3-4 milyard avroya ehtiyacı var.

Ursula fon der Laiyen həmçinin Avropa İttifaqının Ukraynaya su və elektrik təchizatını bərpa etmək üçün necə kömək etməyi düşündüyünü bildirib.

Bundan əlavə, Avropa Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqının Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanını nəzərdən keçirdiyini söyləyib.

Oxşar