ATƏT Parlament Assambleyasının yüksək səviyyəli nümayəndə heyəti 8-10 mart tarixlərində Gürcüstana səfər edəcək
ATƏT Parlament Assambleyasının yüksək səviyyəli nümayəndə heyəti 8-10 mart tarixlərində Gürcüstana səfər edəcək

ATƏT Parlament Assambleyasının yüksək səviyyəli nümayəndə heyəti 8-10 mart tarixlərində Gürcüstana səfər edəcək.

Bu barədə ATƏT Parlament Assambleyasının mətbuat xidməti məlumat yayır.

ATƏT Parlament Assambleyasının məlumatına görə, nümayəndə heyətinə Assambleyanın prezidenti Pere Joan Pons Sampietro rəhbərlik edəcək. Nümayəndə heyətinə həmçinin ATƏT Parlament Assambleyasının vitse-prezidenti və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qraça (Portuqaliya); Siyasi İşlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Yevrosima Peyoviç (Monteneqro); Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədr müavini Kristin Blouer (Böyük Britaniya) və ATƏT Parlament Assambleyasının baş katibi Roberto Montella daxildir.

Bəyanatda qeyd olunduğu kimi, səfər ATƏT-in Parlament Assambleyasının üzvlərinə son siyasi hadisələr, eləcə də demokratiya, təhlükəsizlik və regional sabitliklə bağlı məsələlər üzrə gürcü həmkarları ilə müzakirələr aparmaq və fikir mübadiləsi etmək imkanı verəcək.

“Parlament üzvləri ATƏT Parlament Assambleyasının Gürcüstanla gələcək əməkdaşlığını müzakirə etmək üçün geniş siyasi aktyorlar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər”, – bəyanatda deyilib.