ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə nümayəndəsi - Gürcüstanda yerli seçkilərdən sonra artan gərginlik və zorakılıqdan dərin narahatam
ATƏT-in Cənubi Qafqaz üzrə Parlament Assambleyasının xüsusi nümayəndəsi Luis Qraça 4 oktyabrda Gürcüstanda keçirilən yerli seçkilərdən sonra baş verən hadisələr və hökumətin devrilməsi cəhdləri fonunda yaranmış qarışıqlıqla bağlı narahatlığını ifadə edir. Bu barədə ATƏT Parlament Assambleyasının mətbuat xidməti məlumat yayır.
ATƏT Parlament Assambleyasının xüsusi nümayəndəsi Gürcüstan hökumətini dinc toplaşmaq hüququna hörmət etməyə çağırır və bildirir ki, onlar “vətəndaş cəmiyyətinin azad və qorxusuz fəaliyyətini təmin etməlidirlər.”
“Gürcüstanda yerli seçkilərdən sonra artan gərginlik və zorakılıqdan dərin narahatam. Demokratik idarəçilik qanuna, hesabatlılığa və sülh yolu ilə aparılan siyasi dialoqa əsaslanmalıdır. Mən bütün maraqlı tərəfləri zorakılığın hər hansı formasından çəkinməyə və bütün siyasi qüvvələri qanuni siyasi proseslər çərçivəsində fəaliyyət göstərməyə çağırıram,” – deyə Luis Qraça bildirib.
Bununla yanaşı, ATƏT-in Parlament Assambleyası vurğulayır ki, o, siyasi aktorların və vətəndaş cəmiyyətinin dəstəyinə sadiq qalır.
“ATƏT-in Parlament Assambleyası gərginliyin azaldılması, demokratik institutların gücləndirilməsi, dialoq vasitəsilə ictimai etimadın bərpası və ATƏT öhdəliklərinin yerinə yetirilməsi məqsədilə bütün siyasi aktorların və vətəndaş cəmiyyətinin dəstəyinə sadiq qalır”, – deyə bəyanatda qeyd olunur.