ATƏT-in fəaliyyətdə olan sədri Kiyev və Moskvaya səfər etdikdən sonra təşkilat adından hər iki ölkəyə üç ideya paketi təqdim etdiyini və hazırda onlardan cavab gözlədiyini bildirib
Kiyev və Moskvaya səfər etdikdən sonra ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnatsio Kassis təşkilat adından hər iki ölkəyə üç ideya paketi təqdim etdiyini və indi onlardan cavab gözlədiyini bildirib.
Onun dediyinə görə, o, hər iki ölkəyə “tamamilə eyni” üç ideya paketi təqdim edib.
Yayılmış məlumata görə, ideyaların birinci hissəsi ABŞ-ın “bu məsuliyyətdən yayınma meyli kontekstində” Avropanın təhlükəsizlik arxitekturası barədə müzakirəyə aiddir.
İkinci hissə ATƏT-in sülh prosesi zamanı və ya Rusiya ilə Ukrayna arasında atəşkəs sazişindən sonra necə faydalı ola biləcəyinə aiddir.
“Bizim ekspertizamız və təcrübəmiz var və əlbəttə ki, bir neçə il əvvəlki müşahidə missiyası ilə bağlı təcrübəmizə görə etimadsızlığın mövcud olduğunu yaxşı dərk edirik”, – İqnatsio Kassis bildirib.
İqnatsio Kassisin söylədiyinə görə, üçüncü hissə ATƏT-in təşkilat olaraq “daha açıq olmaq, qulaq asmaq, başqaları ilə danışmaq və sadəcə monoloqlarda qalmaqdan qaçmaq” üçün hansı islahatlara ehtiyac olduğunu əhatə edir.
“Hər iki tərəf bu ideyaları müzakirə etməyə açıq idi və indi biz onların münasibət bildirmələrini gözləyirik. Əlbəttə ki, biz bunu birlikdə müzakirə etdik, amma indi onlar məsələni daxildə müzakirə etməyi düşünməli və sonra təşkilatın fəaliyyət göstərə bilməsi üçün Vyanadakı missiyaları vasitəsilə rəy bildirməlidirlər”, – İqnatsio Kassis bildirib.