„Associated Press“ - ABŞ-ın İraq paytaxtında yerləşən səfirliyi raket hücumuna məruz qalıb
İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyinin ərazisindəki helikopter meydançası raket hücumunun hədəfinə çevrilib. Bu barədə məlumatı „Associated Press“ təhlükəsizlik xidmətlərinin iki anonim əməkdaşına istinadən yayıb.
Mənbələrin məlumatına görə, raket Bağdadın “Yaşıl Zona”sında yerləşən səfirliyin ərazisinə düşüb. Bu, həm dövlət qurumlarının, həm də müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi möhkəmləndirilmiş hökumət kvartalıdır.
„Associated Press“ yazır ki, jurnalistlərə Bağdad şəhərində yerləşən ABŞ səfirliyinin ərazisində tüstünün göründüyü video təqdim olunub. Agentlik öz mənbələrinə istinadən səfirliyin ərazisinə dron düşdüyünü xəbər verir.
„Associated Press“ həmçinin qeyd edir ki, bu bina dünyanın ən böyük amerikan diplomatik nümayəndəliklərindən biridir və dəfələrlə İraqda fəaliyyət göstərən İranpərəst qruplar tərəfindən raket və dron hücumlarının hədəfi olub.