Aşqabadda Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib
Aşqabadda Türkiyə və Rusiya prezidentləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Rusiya-Ukrayna müharibəsi ilə bağlı ikitərəfli münasibətlər və sülh səylərini müzakirə ediblər.
“Anadolu” agentliyinin Türkiyənin Kommunikasiya İdarəsinə istinadən yazdığına görə, Rəcəb Tayyib Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün aparılan sülh danışıqlarını diqqətlə izləyir. O qeyd edib ki, Ankara bütün formatlarda sülh danışıqlarına ev sahibliyi etməyə qadirdir.
Ərdoğanın bildirdiyinə görə, müharibənin ədalətli və uzunmüddətli sülhlə sona çatmasına yönəlmiş səylər dəyərlidir və o qeyd edib ki, tərəflər üçün faydalı ola biləcək sahələrdə irəliləyiş əldə etmək mümkündür.
Türkiyə lideri qeyd edib ki, ilk növbədə enerji infrastrukturu və limanlarla bağlı məhdud atəşkəs elan edilməsi faydalı olardı.
Bundan başqa, Türkiyə Rabitə Müdirliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Fələstin və Suriya məsələlərini, həmçinin, Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər.
Kreml Türkiyə və Rusiya liderlərinin danışıqları ilə bağlı da məlumat yayır. Rusiya prezidenti administrasiyasının məlumatına görə, tərəflər ikitərəfli əlaqələri, o cümlədən Akkuyu atom elektrik stansiyasının tikintisi kimi birgə layihələri müzakirə ediblər.
Kremlin bildirdiyinə görə, həmçinin, Ukraynanın, regional və beynəlxalq məsələləri də müzakirə ediblər. Ərdoğan və Putin “Avropanın Rusiya aktivlərini ələ keçirmək cəhdlərini” də müzakirə ediblər.
“Tərəflər razılaşıblar ki, avropalıların bu cür ehtiyatsız hərəkətləri faktiki olaraq Bretton Woods sisteminin və maliyyə sisteminin beynəlxalq prinsiplərinin iflasına gətirib çıxaracaq”, – Kremlin mətbuat xidmətinin məlumatında deyilib.
Putin və Ərdoğan Aşqabadda “Sülh və etimad: Dayanıqlı gələcək üçün məqsədlərin birliyi” beynəlxalq forumu çərçivəsində görüşüblər.