Arçil Kalandia – Gürcüstan və Türkiyənin paytaxtları arasında birbaşa aviareyslərin bərpası üçün aktiv şəkildə çalışırdıq, məmnunuq ki, nəhayət bu məsələ həll olundu
Son aylar ərzində Gürcüstan və Türkiyənin paytaxtları arasında birbaşa aviareyslərin bərpası istiqamətində Türkiyə tərəfi ilə birgə fəal şəkildə çalışmışıq. Məmnuniyyətlə bildiririk ki, bu məsələ yaxın günlərdə, Ankarada Gürcüstan Prezidentinin rəsmi səfəri zamanı nəhayət həllini tapdı və cari ilin oktyabr ayından etibarən Ankara–Tbilisi arasında birbaşa reyslər bərpa olunacaq. Bu isə, şübhəsiz ki, turizm sektorunun daha da inkişafına töhfə verəcək, – bu barədə Türkiyə Respublikasında Gürcüstanın səfiri Arçil Kalandia Tbilisi və Ankara arasında müntəzəm birbaşa aviareyslərin başlanması barədə danışarkən bildirib.
Arçil Kalandia Ankara-Tbilisi-Ankara marşrutu üzrə müntəzəm aviareyslərin bərpasının əhəmiyyətinə diqqət çəkib.
“Bildiyiniz kimi, ötən il Türkiyədən Gürcüstana 1 milyon 300 mindən çox ziyarətçi gəlib. Bundan əlavə, biznes əlaqələri daha da aktivləşəcək, gürcü turistlər üçün Mərkəzi Türkiyə ərazisinə çıxış və Ankaraya, eləcə də onun ətraf ərazilərinə səyahət daha da asanlaşacaq. Həmçinin, bu, tibbi turizmin inkişafı baxımından da vacibdir və gürcü pasiyentlərin Ankara şəhərindəki müvafiq klinikalara daha asan çıxış imkanı olacaq. Buna görə də sözügedən birbaşa aviareysin bərpası hərtərəfli şəkildə təqdirəlayiq və əhəmiyyətli addım hesab olunur”, – Gürcüstanın Türkiyə Respublikasındakı səfiri Arçil Kalandia bildirib.