Andrey Sibiqa bildirir ki, Vaşinqton Ukrayna üçün alınmış Amerika silahlarını Yaxın Şərqə yönləndirməyi planlaşdırmır
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bildirdiyinə görə, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna üçün alınmış Amerika silahlarını Yaxın Şərqə yönləndirməyi planlaşdırmadığına dair əminlik verib.
Onun sözlərinə görə, 27 martda Fransada keçirilən Böyük Yeddilik ölkələrinin xarici işlər nazirlərinin görüşündə Amerika tərəfi PURL proqramı çərçivəsində Ukrayna üçün alınmış silahları Yaxın Şərqə yönləndirmək niyyətində olmadığını bildirib.
“Dövlət katibi Rubio səviyyəsində deyilib ki, bu proqramdan və ya həmin fondlardan, Ukrayna üçün nəzərdə tutulmuş avadanlıqlardan başqa coğrafi istiqamətlərə heç nə yönləndirilməyib. Hazırda onları yönləndirmək barədə planlar yoxdur”, – Ukraynanın xarici işlər naziri Ukraynanın “Ukrinform” nəşrinə verdiyi müsahibədə bildirib.
Bununla yanaşı, Andrey Sibiqanın qeyd etdiyi kimi, Ukrayna PURL proqramına verdiyi töhfələrlə bağlı digər ölkələrdən zəmanət alıb, lakin, təfərrüatları dəqiqləşdirməyib. Sibiqa yalnız proqramın fəaliyyətini davam etdirdiyini qeyd edib.
“Bu o deməkdir ki, bu proqram işləyir və inkişaf etməyə davam edəcək. Bu, strateji hava müdafiəmizi gücləndirmək üçün yeganə mümkün vasitədir”, – Ukrayna xarici işlər naziri bildirib.